Felyeton | Susqun “demokrat”

Felyeton | Susqun “demokrat”
  01 Avqust 2013    Oxunub:1504
Metropolitenin rəisi Tağı Əhmədovun jurnalistlərə verdiyi cavablara vedrə qoşmağı özünə müqəddəs vəzifə bilənlərə yeni obyekt göstərmək istəyirəm: Milli Şuranın rəisi Rüstəm İbrahimbəyov. Rüstəm bəy Tiflisdə Tağı müəllimdən də yüksək pilotaj nümayiş etdirib. Ona sual vermək istəyən jurnalistlərə deyib ki, “Sual verə bilərsiniz, ancaq cavab olmayacaq”.

Kimsə deyə bilər ki, yox, Tağı müəllimin şedevrləri daha güclü alınmışdı. “Sən burdan dızıldayırsan, bu oradan”, “Elə sual verirsən ki...” kimi qanadlı ifadələr hara, “Sual verə bilərsiniz, ancaq cavab olmayacaq” kimi yarıbürokratik-yarımarazmatik yaxaqırağaçəkmə hara.
Amma mən razı deyiləm. Deyim, niyə.

Tağı müəllim heç vaxt heç kimə söz verməyib ki, hakimiyyətə gələcək və gələndə il yarıma superislahatlar apararaq ölkədə superdemokratik cəmiyyət yaradacaq. Tağı müəllim təsərrüfat adamıdır, yeraltı təsərrüfatını pis-yaxşı, fırladır və belə baxanda, jurnalistlərə demokratiya örnəkləri sərgiləməyə borclu da deyil. Amma Rüstəm bəy borcludur, həm də necə! Onun BORCUDUR ki, jurnalistlərin suallarına cavab versin. Ki, biz bu adamda ölkədə quracağını dəm vurduğu demokratiyanın heç olmasa yaxıntılarının olub-olmadığını görək.

Əgər bu gün İbrahimbəyov jurnalistə “Sual verə bilərsiniz, ancaq cavab olmayacaq” deyirsə, sabah onun quracağı hökumətdə media azadlığının üstünə pişik qusacağına heç bir şübhəniz olmasın.
Bu gün jurnalistə “Hə, brodyaqa, sən söhbətini elə” tipli cavab verən insanın demokratlığına doğrudanmı, kimsə inana bilər?

Amma Tiflisdən gələn duzlu xəbərlər təkcə bununla bitmir. “Azadlıq” qəzetindən oxuyuruq: “...toplantıda Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov görüşdə iştirak edənləri təqdim edib...” Belə çıxır ki, İbrahimbəyov hələ heç Milli Şuranın üzvlərini tanımır! Təsəvvür edin, Eldar Namazov deyir: “Rüstəm müəllim, bu, İsa Qəmbərdir, Müsavat partiyasının sədri, bu, Gültəkin Hacıbəylidir, özünüz bilirsiniz, kim...”

Ardı lap maraqlıdır: “Daha sonra Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Bakıya gəlməməsinin səbəblərindən danışıb. Deyib ki, Bakıya gəlməməsi qətiyyən nədənsə çəkinməsi ilə bağlı deyil. O, bunu Rusiya vətəndaşlığından çıxmaq üçün lazım olan sənədlərin hazırlanması və bu prosesdə şəxsi iştirakının tələb olunması ilə əlaqələndirib”. Maraqlıdır, səbəb budursa və bu səbəb ola-ola İbrahimbəyov Tiflisə qədər gələ bilirsə, elə burdan-bura Bakıya niyə gəlmir? Yoxsa Tiflis nəsə möcüzəli yerdir və ora gələndə İbrahimbəyov həm də Moskvada prosesdə “şəxsən iştirak” edə biləcək? Ya bəlkə öz klonunu göndərib?

Tariyel Həsənov



Teqlər:





Xəbər lenti